Funksional endoskopik sinus cərrahiyyəsi (FESC) – burunətrafı ciblərin xroniki iltihabının müasir mualicə üsuludur.
Tibb elminin və texnologiyasının inkişafı qulaq, burun, boğaz xəstəliklərinin cərrahi müalicəsində də yeni bir səhifə açmışdır. XX-ci əsrin sonlarında avstriyalı prof. Messerklinqer endoskopların tibbi praktikada istifadəsi ilə FESC üsulunun təməlini qoymuşdur. Sonrakı illərdə avstriyalı prof. Stammberqer və almaniyalı prof.
Viqand FESC üsulunu daha da təkmilləşdirərək günümüzdə geniş istifadə edilməsinə vüsət açmışdırlar. Məlum olmuşdur ki, burunətrafı cibləri burun boşluğu ilə əlaqələndirən təbii dar axarların anatomik anomaliya, iltihab, polip və s. nəticəsində davamlı tutulması bu ciblərin təbii havalanmasını və burun seliyindən azad olmasını əngəlləyərək funksiyasını pozur və xroniki sinusit (haymorit, frontit və s.) xəstəliyini yaradır. Əvəllər cərrahi müalicəsi açıq üsulla (üst dodağın altında kəsik və əng sümüyünün deşilməsi), ağır, travmatik (üzdə şişkinlik, göyərmə), azeffektiv və mümkünsüz sayılan xroniki sinusitlər DİN-in Respublika hospitalında FESC üsulu ilə qapalı (buruniçi müdaxilə), qeyritravmatik və effektiv müalicə olunur. Bunun üçün buruniçi endoskoplar vasitəsi ilə burunətrafı ciblərin təbii axarlarını tutan problemlər Almaniyanın “Karl Storz” endovideoavadanlığının köməyi ilə monitorda izlənilir və onları aradan qaldırmaq üçün nəzərdə tutulan eyni adlı şirkətin xüsusi alət və avadanlığından istifadə edilir. Şeyver adlanan motorlu avadanlığın buruniçi ucluğu kəsici və sorucu funksiyaları özündə birləşdirərək patoloji və artıq toxumaları (polip və s.) tez və qeyritravmatik ləğv etməyə imkan verir. FESC üsulu xəstə üçün asan, cərrah üçün cətin bir əməliyyat sayılır, çünki əməliyyat sahəsinin sıx qonşuluğunda yerləşən vacib anatomik strukturların (göz siniri, göz alması, maqistral damarlar, kəllə əsası və s.) zədələnməməsi üçün cərrahdan dərin bilik və bacarıq tələb edir.
FESC-ə göstərişlər hansılardır?
- Kəskin residivedici və xroniki sinusitlər
- Burun və burunətrafı ciblərin xoşxassəli törəmələri (polip, ameloblastoma, osteoma və s.)
- Optik sinirin kompressiyası
- Likvoreya
- Burun qanaxması
- Hipofiz şişlərinə və meningiomalara transnazal mudaxilə
FESC əməliyyatı necə aparılır?
FESC əməliyyatı ümumi anesteziya altında aparılır. Bunun üçun xəstə standart əməliyyatönü muayinələrdən keçməlidir: qan analizi, EKQ, döş qəfəsinin rentgenoqrafiyası, burunətrafı ciblərin komputer tomoqrafiyası. Əməliyyatın müddəti xəstəliyin ağırlıq dərəcəsindən asılıdır və təxmini 1-2 saat çəkir. Əməliyyatın sonunda burun boşluğuna xüsusi borulu yumşaq materiallı müasir tampon yerləşdirilir.
Əməliyyatdan sonrakı dövr xəstə necə təqib edilir?
Xüsusi borulu və zərif tamponların istifadəsi xəstənin əməliyyatdan sonra burun tənəffüsünü qorumağa və tamponu xaric edərkən ağrının olmamasına şərait yaradır. Bu tamponlar əməliyyatdan 24 saat sonra burun boşluğundan xaric edilir və elə həmin gün (tampon xaric edildikdən 1-2 saat sonra) xəstə evə yazıla bilər. Əməliyyatdan sonrakı dövrdə 3-7 gün ərzində profilaktik və mualicə məqsədi ilə antibiotikoterapiya tövsiyyə olunur. Əməliyyat sonrası 1 ay müddətində xəstənin kontrol baxışlara həftədə 1-2 dəfə gəlməsi vacib sayılır. Bu kontrol baxışlarda burun boşluğundakı yaranın təmizlənməsi sağalma prosesinin düzgün və fəsadsız getməsinə zəmanət verir. Xəstə əməliyyatdan sonra 1 həftə ev şəraitində olmalıdır və bu müddətdə isti halda qidalar qəbul etməməlidir, ağır fiziki iş və idmanla 1 ay məşqul olmamalıdır.
Baki şəhəri, Ziya Bünyadov prospekti 36. İndeks: AZ1069
E-poçt: hospital@mia.gov.az