Bakı şəhəri, Ziya Bünyadov prospekti 36. İndeks: AZ1069
AZ RU EN

Endonazal

Funksional endoskopik sinus cərrahiyyəsi (FESC) – burunətrafı ciblərin xroniki iltihabının müasir mualicə üsuludur.

 Tibb elminin və texnologiyasının inkişafı qulaq, burun, boğaz xəstəliklərinin cərrahi müalicəsində də yeni bir səhifə açmışdır. XX-ci əsrin sonlarında avstriyalı prof. Messerklinqer endoskopların tibbi praktikada istifadəsi ilə FESC  üsulunun təməlini qoymuşdur. Sonrakı illərdə avstriyalı prof. Stammberqer və almaniyalı prof.

Viqand FESC üsulunu daha da təkmilləşdirərək günümüzdə geniş istifadə edilməsinə vüsət açmışdırlar. Məlum olmuşdur ki, burunətrafı cibləri burun boşluğu ilə əlaqələndirən təbii dar axarların anatomik  anomaliya, iltihab, polip və s. nəticəsində davamlı tutulması bu ciblərin təbii havalanmasını və burun seliyindən azad olmasını əngəlləyərək funksiyasını pozur və xroniki sinusit (haymorit, frontit və s.) xəstəliyini yaradır. Əvəllər  cərrahi müalicəsi açıq üsulla (üst dodağın altında  kəsik və əng sümüyünün deşilməsi), ağır, travmatik   (üzdə  şişkinlik, göyərmə),  azeffektiv və  mümkünsüz sayılan xroniki sinusitlər DİN-in Respublika hospitalında FESC üsulu ilə qapalı (buruniçi müdaxilə), qeyritravmatik və effektiv müalicə olunur. Bunun üçün buruniçi endoskoplar vasitəsi ilə burunətrafı ciblərin təbii axarlarını tutan problemlər Almaniyanın “Karl Storz” endovideoavadanlığının köməyi ilə monitorda izlənilir və onları aradan qaldırmaq üçün nəzərdə tutulan eyni adlı şirkətin  xüsusi alət və avadanlığından istifadə edilir. Şeyver adlanan motorlu avadanlığın buruniçi ucluğu kəsici və sorucu funksiyaları özündə birləşdirərək patoloji və artıq toxumaları (polip və s.) tez və qeyritravmatik ləğv etməyə imkan verir. FESC üsulu xəstə üçün asan, cərrah üçün cətin bir əməliyyat sayılır, çünki əməliyyat sahəsinin sıx qonşuluğunda yerləşən vacib anatomik strukturların (göz siniri, göz alması, maqistral damarlar, kəllə əsası və s.) zədələnməməsi üçün cərrahdan dərin bilik və bacarıq tələb edir.  

FESC-ə göstərişlər hansılardır?
-    Kəskin residivedici və xroniki sinusitlər
-    Burun və burunətrafı ciblərin xoşxassəli törəmələri (polip, ameloblastoma, osteoma və s.)
-    Optik sinirin kompressiyası
-    Likvoreya
-    Burun qanaxması
-    Hipofiz şişlərinə və meningiomalara transnazal mudaxilə

FESC əməliyyatı necə aparılır?
FESC əməliyyatı ümumi anesteziya altında aparılır. Bunun üçun xəstə standart əməliyyatönü muayinələrdən keçməlidir: qan analizi, EKQ, döş qəfəsinin rentgenoqrafiyası, burunətrafı ciblərin komputer tomoqrafiyası. Əməliyyatın müddəti xəstəliyin ağırlıq dərəcəsindən asılıdır və təxmini 1-2 saat çəkir. Əməliyyatın sonunda burun boşluğuna xüsusi borulu yumşaq materiallı müasir tampon yerləşdirilir.

Əməliyyatdan sonrakı dövr xəstə necə təqib edilir?
Xüsusi borulu və zərif tamponların istifadəsi xəstənin əməliyyatdan sonra burun tənəffüsünü qorumağa və tamponu xaric edərkən ağrının olmamasına şərait yaradır. Bu tamponlar əməliyyatdan 24 saat sonra burun boşluğundan xaric edilir və elə həmin gün (tampon xaric edildikdən 1-2 saat sonra) xəstə evə yazıla bilər. Əməliyyatdan sonrakı dövrdə 3-7 gün ərzində profilaktik və mualicə məqsədi ilə antibiotikoterapiya tövsiyyə olunur. Əməliyyat sonrası 1 ay müddətində xəstənin kontrol baxışlara həftədə 1-2 dəfə gəlməsi vacib sayılır. Bu kontrol baxışlarda burun boşluğundakı yaranın təmizlənməsi sağalma prosesinin düzgün və fəsadsız getməsinə zəmanət verir. Xəstə əməliyyatdan sonra 1 həftə ev şəraitində olmalıdır və bu müddətdə isti halda qidalar qəbul etməməlidir, ağır fiziki iş və idmanla 1 ay məşqul olmamalıdır.


Xolesteatoma qulaq pərdəsi arxasında ( orta qulaqda ) normada rast gəlinməyən dəri( epidermal ) törəmədir. Keratinləşmə göstərən çox qatlı yastı epitelin orta qulaqda və ya temporal sümüyün digər pnevmatizasiya olan sahələrində toplanmasıdır. Histoloji olaraq xoşxassəli ancaq klinik olaraq destruktiv (dağıdıcı) bir törəmədir. Çox qatlı yastı epitelin orta qulağa necə gəldiyi və hiperkeratinləşmənin necə başlaması aparılan çoxsaylı təcrübələrə əsasən hələ də mübahisəli olaraq qalır. Xolesteatoma qulaq pərdəsinin epidermisinin təkrarlanan iltihablar (xroniki irinli orta otit) nəticəsiylə içəriyə doğru böyüməsi ilə başlayır ,kista və ya kisə formasını alır və qar topu şəklində genişlənir. Müəyyən zaman keçdikdən sonra xolesteatoma böyüyərək ətrafdakı çox incə qulaq sümükcüklərinə zərər verir və davam edən böyümədən sonra eşitmə zəifliyi və ən ağır halda vestibulyar pozğunluq, üz sinirinin iflici, beyində abses, meningitlə, nadir hallarda ölümlə nəticələnə bilər.
    Xolesteatomla bağlı ölkəmizdə epidemioloji göstəricilər müəyyən olunmasa da Finlandiyada xolesteatomlu xəstə göstəricisi hər 100000 adamdan 9,2-sində olub,kişilərdə daha çox müşahidə edilir. İsraildə aparılan bir müşahidədə isə Xroniki irinli orta otitli (XİOO) xəstə 0,95%, Xolesteatomlu xəstə 0,4% olaraq göstərilmişdir və XİOO olan xəstələrin 45%-ində Xolesteatom müşahidə edilmişdir.
     DİN Hospitalında bu xəstəliyə görə müalicə olunan xəstələrdən birini təqdim etmək istəyirəm. C.Vüqar 1963 –cü il təvəllüdlü,  2016 ci ilin fevral ayında DİN  Hospitalına sağ qulağında eşitmənin uzun müddətdir ki getdikcə zəifləməsindən, irinli ifrazatdan  və başında ağrı şikayətləri ilə daxil olmuşdur. Özünü 5ildən çoxdur ki,xəstə hesab edir. DİN Hospitalında aparılan endoskopik müayinənin nəticəsinə əsasən xəstəyə Audiometriya və Kompyuter Tomoqrafiya müayinələri məsləhət görüldü,nəticələrə əsasən xəstəyə sağ tərəfli ‘’Xolesteatomlu Xroniki İrinli Epitimpanit” diaqnozu qoyuldu.
    Xəstəyə 06.02.2016 tarixində endotraxeal anesteziya altında Rusiya Federal Tibbi-biologiya agentliyinin Otorinolarinqologiya elmi-klinik mərkəzinin Professoru Dr.Hassan Diab və DİN Hospitalının Otorinolarinqologiya şöbəsinin rəisi Tibb xidməti mayoru, T.E.N K.D.Yusifov tərəfindən “Antromastoidotomiya, Timpanoplastika Ossikuloplastika ilə ’’ əməliyyatı aparıldı. Xəstənin sağ mastoid boşluğundan böyük ölçülü(4x5 sm) xolesteatoma xaric edildi. Qulaq keçəcəyinin arxa divarı qorundu. Qulaq pərdəsi və sümükcük zənciri PORP protezi vasitəsilə rekonstruksiya edildi. Eşitmə bərpa edildi, irinli ifrazat ocağı ləğv edildi. Əməliyyat fəsadsız və əməliyyatdan sonrakı dövr sakit keçib. Xəstə 2 sutka sonra kafi vəziyyətdə evə buraxıldı, 10 sutka sonra qulaq sarğısı açıldı qulaqarxası tikişlər söküldü. Növbəti aylarda təkrar müayinələr aparıldı və xəstənin vəziyyəti qənaətbəxş qiymətləndirildi.

Fotoqalereya

Uğurlu keçirilən əməliyyatlar

ƏLAQƏ

Baki şəhəri, Ziya Bünyadov prospekti 36. İndeks: AZ1069

E-poçt: hospital@mia.gov.az