Baki şəhəri, Ziya Bünyadov prospekti 36. İndeks: AZ1069
AZ RU EN

Endouroloji

Prostat vəzin xoşxassəli böyüməsi (adenoması) zamanı Transuretral ElektroRezeksiya (TUR) əməliyyatı

 Prostat vəzin TUR əməliyyatı keçən əsrin ortalarından bəri bütün dünyada geniş yayılmışdır və son 20-30 ildir ki prostat vəzin adenomasının cərrahi müalicəsində “qızıl standart” olaraq qəbul edilibdir.Azərbaycanda bu əməliyyat keçən əsrin 90-cı illərdən bəri tətbiq olunmağa başlamışdır. Lakin ən böyük populyarlıq bu əməliyyat son 10 ildə qazanmışdır. DİN hospitalında bu əməliyyatın həm monopolyar, həm də bipolyar elektrorezeksiya üsullarından prostat vəzin adenomasından, həm də prostat vəzin xərçəngindən əziyyət çəkən xəstələrdə sidik ifrazı aktının yaxşılaşdırılması üçün geniş istifadə olunur.

Bu əməliyyat zamanı sidik kanalı vasitəsi ilə sidikliyə rezektoskop adlanan, video-görüntüləmə sisteminə bağlı olan endoskopik cihaz salınır. Sidik kisəsi və sidik kanalı təftiş olunduqdan sonra prostat vəzin böyümüş hissələri elektrorezeksiya olunur və burada əmələ gələn toxuma parçaları tədricən elə əməliyyat vaxtı yuyulub xaric edilir. Həmin endoskop vasitəsi ilə prostatın qanayan nahiyyələri də koaqulyasiya edilir. Xəstə əməliyyatdan sonra 2-4 gün xəstəxanada qaldıqdan sonra evə buraxılır.

                                  

Sidik kisəsinin törəməsinin Transuretral ElektroRezeksiyası (TUR) əməliyyatı.

Bu əməliyyat sidik kisəsinin kiçik və orta ölçülü törəmələrinin müalicəsi üçün bütün dünyada ən geniş tətbiq olunan əməliyyatdır. Amerika və Avropa Uroloqlar Assosiasiyaların uzun illər apardığı tədqiqatlar sübüt elədi ki, sidik kisəsinin Ta, T1, Tin situ xərçəngi zamanı bu əməliyyat ən effektiv cərrahi müalicə üsuludur. Bu əməliyyat zamanı sidik kanalı vasitəsi ilə sidikliyə rezektoskop adlanan, video-görüntüləmə sisteminə bağlı olan endoskopik cihaz salınır.

Sidik kisəsi və sidik kanalı təftiş olunduqdan sonra aşkar edilən törəmə və ya şübhəli sahələr elektrorezeksiya olunur və burada əmələ gələn toxuma parçaları tədricən elə əməliyyat vaxtı yuyulub xaric edilir. Həmin endoskop vasitəsi ilə sidikliyin qanayan nahiyyələri də koaqulyasiya edilir. Bununla birgə, törəməyə yaxın olan və gözə görünməyən şiş hüceyrələri ola bilən nahiyyələr də yandırılaraq effektiv müalicə aparılır. Xəstə əməliyyatdan sonra 1-2 gün xəstəxanada qalır, sonra evə yola salınır. Nəzərə alsaq ki, sidik kisəsinin xərçəngi tez-tez residiv (yenidən əmələ gəlmə) verən xəstəlikdir - hər dəfə bu yenidən əmələ gələn törəməni bu üsulla istənilən gədər kəsib götürmək mümkündür. DİN-nin Respublika Hospitalında bu əməliyyat müvəffəqiyyətlə aparılır və xəstələr daimi nəzarətdə saxlanılaraq sidikliyin törəməsi bunlarda kontrol altına alınır. 

Ureterolitotripsiya əməliyyatı – sidik axarında (böyrəklə sidik kisəsini birləşdırən kanal) olan daşları endoskopik üsulla parçalayıb xaric edilməsi.

 Son illər sidik axarı daşlarının alternativ müalicə üsulları texnoloji imkanlar hesabına təkmilləşdirilmiş və minimal invazivliyə imkan verən endoskopik alətlərlə müvəffəqiyyətlə həyata keçirilir.

Sidik axarlarına daşlar böyrəkdən miqrasiya edərək düşürlər.Bu halda xəstədə güclü, sancı çəkildə ağrılar müşahidə edilir. Sidik axarında daşlar uzun müddət qaldıqdan sonra həmin tərəfdə böyrəkdə çox ciddi dəyişikliklərə səbəb olur, hətta böyrək toxumasının təmamən atrofiyasına (çürümə) gətirib çıxara bilirlər. Bir çox xəstələrdə sidik axarı daşları böyrəkdə kəskin iltihabın baş verməsinə və bunu vaxtında müalicə etmədikdə hətta septiki vəziyyətin inkişaf etməsinə gətirib çıxarır.DİN-nin Respublika Hospitalında sidik axarının daşları yerləşməsindən, mineral tərkibindən (sərtliyindən), ölçüsündən asılı olmayaraq müvəffəqiyyətlə ureteroskopik (endoskopik) üsulla müalicə olunurlar. Bu daşların parçalanması üçün DİN-nin Respublika Hospitalında ballistik, ultrasəs və lazer enerjilərdən istifadə olunur.

Bu əməliyyat ilk dəfə 1980-ci ildən tətbiq olunmağa başlanmışdır və getdikcə bütün dünyada böyük populyarlıq qazanmışdır. Hal hazırda böyrəkdən iri ölçülü daşlarının kəsiksiz xaric edilməsi üçün mövcud olan ən effektiv əməliyyatdır.

 

 Bu əməliyyat zamanı xəstənin daş olan böyrəyinə dəridən punksion iynə ilə yol açılır. Rentgen nəzarəti altında bu yol xüsusi balonla 1 sm-ə qədər genişləndirilir və AMPLATZ adlanan boru böyrəyə gədər yeridilir. Bu borunun içindən nefroskop (böyrəyin daxilini müayinə etmək üçün endoskop) salınır, daşlar aşkar edilir və ballistik, ultrasəs və ya lazer enerjisi ilə parçalanaraq xaric edilir.

Əməliyyatdan sonra xəstə 3-4 gün xəstəxanada qalır. Əməliyyatın sonunda böyrəyə qoyulan drenaj boru çıxarıldıqdan sonra xəstə evə yola salınır.DİN-nin Respublika Hospitalında uronefrologiya şöbəsinin həkim-uroloqları tərəfindən bu əməliyyat müvəffəqiyyətlə aparılır və ən çətin hallarda belə (böyrəyin mərcanvari və çoxlu daşları, iki tərəfli böyrək daşı xəstəliyi və s.) müsbət nəticə əldə edilir.


Retroqrad İntrarenal Cərrahiyyə - burada boyrəkdə olan daşların kəsiksiz, dəliksiz, sadəcə sidik kanılndan müdaxilə edərək parçalanması. Bu əməliyyat zamanı xüsusi elastik fibroureteropiyeloskopdan istifadə olunur. Bu alət ən son texnologiyalara əsasən qurulub. Uzunluğu 70 sm və qalınlığı sadəcə 2,5 mm olmasına baxmayaraq, bunun vasitəsi ilə sidik – ifrazı sistemini bütovlüklə gözlə izləmək olar.

Bu alətə böyrəkdə olan daşları 230 mkm (mikron) qalınlıqda lazer otürücüsü ilə qırılır. Əməliyyat istər spinal, istərsə də ümumi endotraxeal narkozla da aparıla bilir. Xəstə əməliyyatdan 12-18 saat sonra evə yola salınır.
Bu üsulun populyarlığı dünyada getdikcə artır. DİN-nin Respublika Hospitalında artıq iki ildir ki bu alət istifadə olunur və onlarla xəstədə böyrəklərdə olan daşları bu üsulla müvəffəqiyyətlə parçalamaq mümkün olub.

Distansion Dalğa Zərbə Litotripsiyası – böyrəkdə, sidik kanalında və sidik kisəsində ölçüləri 1,5 – 2cm qədər olan daşların insan bədəninə müdaxilə etmədən, sadəcə səs dalğaları ilə parçalanması.

 İlk dəfə bu üsul 1980-ci ildə Almaniyada universitet klinikalarının birində tətbiq edilməyə başlanmışdır.

Bu günə gədər bütün dünyada yüz minlərələ insan, artıq bu üsulun köməyi ilə sidik – ifrazı sisteminin daşlarından müalicə olunublar.Bu üsulla daş qırma proseduru təqribən 30-50 dəqiqə çəkir və bir çox hallarda heç narkoza ehtiyac olmur. Daş qırma prosedurundan bir saat sonra xəstə evə buraxılır. Qırılmış daşların parçaları sonradan dərman müalicəsinin köməyi ilə 2-4 həftə ərzində sidik – ifrazı sistemindən tökülüb xaric olur.

Bu il DİN-nin Respublika Hospitalında bu üsulla sidik – ifrazı sistemində daşların parçalanması üçün ən son və müasir sayılan litotriptor alınıb. Litotriptor apparatı Dornier (Almaniya) şirkəti tərəfindən istehsal olunub. Artıq bu cihazla da DİN Hospitalında böyrəklərdə daşların səs dalğaları ilə qırılması əməliyyatlarına da başlanılıb.

Sidik kisəsinin daşları, xüsusən kişilərdə çox rast gəlinir.

 

 Əsas səbəblərdən biri, ya böyrəkdən sidik kisəsinə düşmüş daşın orada qalib böyüməsi və yaxud müəyyən səbəblərə görə (prostatın adenoması, sidik kanalının daralması, sidik kisəsinin divertikulu və s.) daşın elə sidik kisəsinin özündə əmələ gəlməsidir.

Daşlar böyük ölçülü və çox saylı olduqda onların xaric edilməsi üçün bir çox klinikalarda açıq (yəni qarnının aşağı hissəsində kəsik apararq sidik kisəsini yarmaq) əməlyyatdan istifadə olunur.

Lakin DİN-nin Respublika Hospitalının həkim – uroloqlar tərəfindən sidik kisəsində olan daşın ölçüsü və sayından asılı olmayaraq, bu daşlar sidik kanalından endoskopik üsulla tam təmizlənir. Əməliyyatdan 12 – 18 saat sonra xəstə evə yola salınır.

Fotoqalereya

Uğurlu keçirilən əməliyyatlar

ƏLAQƏ

Baki şəhəri, Ziya Bünyadov prospekti 36. İndeks: AZ1069

E-poçt: hospital@mia.gov.az